AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimi Belarusda elmi ezamiyyətdə olub

1698

04-09 noyabr 2019-cu il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, dosent Əfsun Sucayev Belarus Respublikanın Qrodno şəhərində yerləşən Bioaktiv maddələrin biokimyası İnstitutunda  elmi ezamiyyətdə olub. Bu səfər yuxarıda adları çəkilən hər iki İnstitutun birgə həyata keçirdikləri  “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” adlı 2018-2020-ci illər üçün nəzərdə tutulmuş müştərək beynəlxalq layihə çərçivəsində mümkün olmuşdur.

Gənc alim əvvəlcə Bioaktiv maddələrin biokimyası İnstitutunun direktoru, professor İqor Semenenya ilə görüşərək, təmsil olunduğu İnstitutun fəaliyyəti, əsas elmi istiqamətləri, əldə olunan elmi nəticələr və beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilən işlər haqqında məlumat verib.

Sonra bu elmi müəssisənin Biorequlyator laboratoriyasında təqdimatla çıxış edən Ə.Sucayev müştərək layihənin Belorus tərəfdən həmrəhbəri, Molekulyar genetika sektorunun rəhbəri Aleksey Şuriberko ilə indiyə qədər aparılan elmi tədqiqat işlərinin əsas nəticələrini və növbəti mərhələdə nəzərdə tutulan perpektiv işlərin planını müzakirə edib.

Geniş fikir mübadiləsinən sonra qərara alınıb ki, indiyə qədər aparılan tədqiqat zamanı əldə olunan mühüm nəticələr nüfuzlu xarici jurnalda dərc olunmaqla, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş yeni bioloji fəal birləşmələr əsasında bioloji fəal əlavələrin və dərman preparatlarının yaradılması, eyni zamanda alınacaq bioloji fəal əlavələrin və dərman preparatlarının effektivliyinin heyvanlar üzərində eksperimental modellərdə qiymətləndirilməsi işləri daha da genişləndirilsin.

Gənc alim İnstitutun müvafiq laboratoriyalar və sınaq tədqiqatların aparıldığı kiçik heyvanların saxlanılıdığı vivariumla da tanış olub.

PAYLAŞ