Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Nəbiyev Oruc Qərib oğlu ömrünün 69-cu ilində vəfat edib.
Nəbiyev Oruc Qərib oğlu 20 may 1955-ci ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Ağməmmədli kəndində anadan olub. 1972-cü ildə Ağməmmədli kənd orta məktəbini bitirmişdir.1973-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olub və 1981-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətini AMEA Neft-Kimya Prosesləri İnstitutunda laborant vəzifəsində işləməklə başlamişdır. Daha sonra Aşqarlar Kimyası İnstitutunda (AKİ) laborant vəzifəsində işləmişdir. 1981-ildə AKİ-da mühəndis vəzifəsində çalışmış və həmin il AKİ-nin aspiranturasına qəbul olunmuşdur. 1986-cı ildə namizədlik dıssertasiyası müdafiə edıb kimya elmləri namizədi elmi dərəcəsinə layiq qörülmüşdür. 1984-2010 illərdə AKİ-də mühəndis, elmi işçi və böyük elmi işçi, 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2015-ci ildə dosent elmi adını almışdır.
2022-ci ildən etibarən “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının müdiri vəzifəsində çalışırdı.
Xeyirxah, mehriban və alicənab insan Oruc Nəbiyevin parlaq xatirəsi onu tanıyanların və həyat fəaliyyətinin böyük dövrünün bağlı olduğu Aşqarlar Kimyası İnstitutunun hər bir əməkdaşının qəlbində daima yaşayacaq.
Allah rəhmət eləsin!
ARETN Aşqarlar Kimyası İnstitutunun kollektivi