Aşqarlar Kimyası İnstitutu ölkənin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılmasına xidmət edən tətbiqi işlərə böyük önəm verir

164

2022-ci ildə “Aşqar” Elm İstehsalat Birliyi və Təcrübə Sənaye Zavodunda istehsal olunan aşqarlar və sürtkü materiallarının hamısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun tətbiqyönlü elmi tədqiqatlarının mühüm praktik nəticələridir. Bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin 2022-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağında İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, bölməyə aid olan Aşqarlar Kimyası İnstitutu fundamental tətdqiqatlarla yanaşı Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin kimyaçı alimlər qarşısında qoyduğu vəzifələrə və qəbul olunan müvafiq dövlət  proqramlarındakı vəzifələrə uyğun olaraq digər elmi tədqiqat institutlarından fərqli olaraq ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edən tətbiqi elmi işlərə üstünlük verir: “Belə ki, İnstitut tərəfindən xüsusi təyinatlı texnikada (tanklarda) istifadə olunan yüksək gücə malik son nəsil dizel mühərriklərinin normal istismarını təmin edən xüsusi təyinatlı motor yağı yaradılıb və istehsalı Təcrübə-Sənaye Zavodunda təşkil edilib. Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqlarını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından, bu sınaqlar əvvəlki illərdə Ukraynada müvafiq xüsusi təyinatlı müəssisədə reallaşdırılmışdı və onlar tərəfindən yaradılmış son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilmişdi. Rusiya-Ukrayna müharibəsi bu prosesi başa çatdırmağa imkan vermədi. Ancaq “Məxfi” qriflə Azərbaycan patenti ilə müdafiə olunan həmin xüsusi təyinatlı motor yağının 2022-ci ilin mart ayında Azərbaycanın Respublikası Müdafiə Nazirliyinin sınaq mərkəzində də real texnikada (tanklarda) müsbət nəticələrlə sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb”.

V.Fərzəliyev bildirib ki, Aşqarlar Kimyası İnstitutu  və onun alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqarın – “Depressator AKİ”-nin yaradılması və istehsalının “Aşqar” Elmi İstehsalat Birliyində təşkilidir. Qeyd olunan aşqarın istehsalı 2022-ci ildə də davam etdirilmişdir. Bu günə qədər Bakı-Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilməkdə olan həmin aşqara İnstitut alimləri hər il müəllif nəzarəti həyata keçirir.

Akademik qeyd edib ki, ümumiyyətlə, hesabat dövründə rəhbərlik etdiyi İnstitutda zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi istiqamətində aparılmış müfəssəl tədqiqatların nəticələrindən 7 ən mühümü «AMEA-nın 2022-ci ildəki fəaliyyəti haqqında hesabat» məcmuəsinə daxil edilmək üçün təqdim edilmiş, 2 tətbiqi xarakterli iş müxtəlif sınaqdan keçirilib, tətbiqə tövsiyyə olunub. 2 işin tətbiqi isə davam etdirilib.

V.Fərzəliyev bir faktı da xüsusi qeyd edib ki, istər postsovet dövründə, istərsə də müstəqillik illərində ölkə üzrə tətbiq edilən və tətbiq olunmağa tövsiyə edilən elmi tədqiqatın nəticələri ilə bağlı ən çox patent alan elmi tədqiqat müəssisəsi Aşqarlar Kimyası İnstitutudur: “Təkcə 2022-ci ildə İnstitut tərəfindən 12 Azərbaycan patenti və 15 ixtiranın dərci haqqında müsbət “Qərar” alınmışdır. Hazırda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanları Ekspertiza Mərkəzində 20 ədəd patentə dair iddia sənədləri baxılmaq üzrədir.

V.Fərzəliyev qeyd edib ki, 2022-ci ildə İnstitut alimlləri 2 monoqrafiya, 50 məqalə, o cümlədən 22-i xaricdə, onlardan isə 16 məqalə “Web of Science” bazasına düşən jurnallarda çap olunub: “26 məqalə  impakt faktorlu nüfuzlu xarici jurnallarda, 13 məqalə isə “Clarivate Analytics” bazasının Q1-Q4 kateqoriyalı jurnallarında yer alıb. Bütövlükdə, 194 məqalə və tezis işıq üzü görüb”.

V.Fərzəliyev təklif edib ki, AMEA Kimya Bölməsinin hesabatı tam şəkildə Akademiyanın saytında yerləşməlidir ki, ictimaiyyət nümayəndələri, ələlxüsus kütləvi informasiya vasitələrinin nümayəndələri elmi nəticələrlə ətraflı tanış ola bilsinlər.

 

PAYLAŞ