Aşqarlar Kimyası İnstitutunda gənclərin maraqlı elmi məruzələri dinlənilib

130

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı ilə Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan gənc alim, doktorant, disertant və magistrlər arasında elan edilən “Ən yaxşı elmi məruzə” müsabiqəsinə məruzə təqdim edən namizədlərin təqdimat mərasimi keçirilib.

İnstitutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev gənclər arasında keçirilən müsabiqələrin əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, bu həm gənclərin alim kimi hazırlanmasına töhfə verir, həm də müəyyən mükafat almaqla elmə, elmi tədqiqatlara daha da həvəslənməsinə dəstək vermiş olur.

Onun sözlərinə görə, artıq 10 ilə yaxındır ki, bu müsabiqələr keçirilir və bir ənənə halını alıb: “Hər il Ümummilli lider Heydər Əliyevin anadan olduğu ildönümə həsr edilir. Bu il də “Heydər Əliyev ili” çərçivəsində İnstitutda hazırlanan Tədbirlər Planına uyğun həyata keçirdiyimiz əhəmiyyətli silsilə tədbirlərdən biridir”.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova çıxışında namizədlərin seçimi zamanı mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və mövzu ilə əlaqədar dərc etdirdiyi elmi əsərlər kimi meyarların əsas götürüldüyünü bildirib, qaliblərin seçilməsi meyarları və qiymətləndirmə, eləcə də gənc alimlərin məruzə təqdimatları barədə danışıb.

Elmi müsabiqənin şərtlərinə uyğun olaraq Ekspert Komissiyası üzvləri qiymətləndirmə aparmaq üçün namizədlərin özlərinin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələri dinləyiblər. Hər bir namizədə 10-15 dəqiqə vaxt verilib. Təqdimat zamanı 4 elmi məruzə dinlənilib və suallar cavablandırılıb.

Bir-birindən maraqlı məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, müsabiqənin qalibləri may ayının əvvəlində elan olunacaq. Qaliblərə diplom və pul mükafatları veriləcək.

PAYLAŞ