Aşqarlar Kimyası İnstitutunda sabiq doktorant və dissertantlarla görüş keçirilib

107

16 may 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi təhsil müddəti bitmiş, lakin dissertasiya müdafiə etməmiş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə sabiq doktorant və dissertantlar ilə görüş keçirib. İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, elmi tədqiqat müəssisələrinin əsas vəzifələrindən biri yüksəkixtisaslı kadr hazırlığından ibarətdir: “Çox təəssüf ki, bir çox hallarda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olunanlar təhsil müddətini başa vurduqdan sonra uzun müddət keçsə də müdafiə etmirlər. Bu isə həm İnstitutun özünün, həm də universitet və digər elmi təşkilatların elmi dərəcə və elmi ada sahib yüksək ixtisaslı kadr təminatında çətinliklər yaradır”.

O vurğulayıb ki, elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir elmi mütəxəssis elmi işini yüksək səviyyədə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla, təkcə şəxsinə deyil, eyni zaman da bütövlükdə ölkəmizə, dövlətimizə, millətimizə fayda gətirmiş olur: “Ona görə dissertasiya işi müdafə etməyə yalnız öz şəxsi məsələniz kimi baxmamalısınız. Bu həm də ümumi məsələdir”.

V.Fərzəliyev təəssüf hissi ilə qeyd edib ki, bəzən doktorant və dissertantlar elmi işlərinə məsuliyyətlə yanaşmırlar, arxayın olurlar ki, onların yerinə elmi rəhbərləri məqalə-tezis yazacaq.

V.Fərzəliyev təhsil müddəti bitmiş doktorant və dissertantların dissertasiya işlərinin tamamlanması, təcrübi hissənin yerinə yetirilməsi üçün lazım olan reaktiv və həlledicilərin operativ şəkildə alınması, elmi əsərlərin hazırlanması və nüfuzlu jurnallarda çapı, xarici dil bilgilərinin artırılması və digər məsələlərlə bağlı üzləşdiyi problemlərin həllinə İnstitut tərəfindən müəyyən köməklik göstəriləcəyini diqqətə çatdırıb.

İnstitutun icraçı direktoru k.e.d., dos. Əfsun Sucayev belə görüşlərin davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıb. O qeyd edib ki, xalqımız üçün savadlı, bilikli gənclər yetişməlidir və bunun üçün də gənclər öz üzərlərində işləməlidirlər. O gənclərə hər zaman dəstək olacağını müxtəlif mövzularda doktorant və dissertantlar üçün ayrıca maarifləndirmə seminarın təşkil ediləcəyini bildirib.

Sonra institutun təhsil müddəti əvvəlki illərdə başa çatmış, lakin dissertasiya işlərini müdafiə etməmiş doktorant və dissertantlar yerinə yetirdikləri tədqiqat işlərinin icra vəziyyəti, dissertasiya mövzuları üzrə çap olunmuş əsərlərin sayı, dissertasiya işlərinin yerinə yetirilmə dərəcəsi, işi vaxtında müdafiə edə bilməmələrinin səbəbləri, üzləşdikləri problemlər haqqında geniş məlumat veriblər.

PAYLAŞ