Azərbaycan kimya elminə ağır itki üz vermişdir

1417

Azərbaycan kimya elminə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Zərif üzvi sintez” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor, üzvi kimya sahəsində tanınmış alim, səmimi insan Sabir Əhməd oğlu Məmmədov ömrünün 84-cü ilində vəfat etmişdir.

Sabir Məmmədov 10 iyun 1937-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (ADU) kimya fakultəsinə daxil olmuşdur. Hələ bu ali təhsil müəssisəsinin dördüncü kursunda oxuyarkən akademik V.F.Neqreyevin dəvəti ilə Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-üzvi Kimya İnstitutunun Korroziya laboratoriyasına laborant vəzifəsinə işə götürülmüşdür. 1961-ci ildə Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra həmin laboratoriyada mühəndis vəzifəsinə keçirilmişdir. 1964-cü ildə ADU-nin Üzvi kimya kafedrasına aspiranturaya daxil olmuş və oranı 1967-ci ildə bitirmişdir. 1967-ci ildən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda işləmişdir. 1975-ci ildə namizədlik dissertasiyası müdafiəsindən sonra bu institututda baş elmi işçi və sonra analitik kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və 1993-cü ildə təyinatla Ali Dənizçilik Məktəbində professor vəzifəsində, 1994-cü ildə isə Azərbaycan-Almaniya birgə müəssisəsində direktor vəzifəsində işləmişdir. 2003-cü ildən bu günə qədər yenidən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda fəaliyyətini davam etdirmişdir. O əvvəlcə, “Aşqarların, sürtkü yağlarının, sürtkülərin və xüsusi mayelərin tətbiqinin elmi əsasları” 2018-ci ildən isə “Zərif üzvi sintez” laboratoriyasının müdiri olmuşdur.

Rəhbərlik etdiyi laboratoriyalar illər ərzində mühüm sənaye əhəmiyyətli sürtkülərin alınma üsullarının və tətbiqinin elmi əsaslarının işlənilməsi, fizioloji aktiv maddələrin sintezi sahəsində mühüm nailiyyətlər əldə etmişdir.

Professor Sabir Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti funksional əvəzolunmuş alkil-aril sulfamidlərin müxtəlif üsullarla sintezi və onların yağlara aşqar kimi öyrənilməsinə aiddir. O, N-halogen sulfamidlərin doymamış karbohidrogenlərlə, polimerlərlə reaksiyasını öyrənmiş, bunun sulfamidlərin yeni alınma üsulu olduğunu göstərmiş, alınmış maddələr arasında yüksək keyfiyyətli çoxfunksiyalı aşqarların olduğu müəyyən edilmiş və tətbiqə məsləhət görülmüşdür. N-halogensulfamidlərin doymamış karbohidrogenlərlə spirtlər və fenolların iştirakı ilə reaksiyasının β-xlorefirlərin yeni alınma üsulu olduğu müəyyən edilmişdir.

Alkilarilsulfoxloridlərlə poliaminlər arasındakı reaksiyanın sistematik tədqiqi mono- və disulfamidlərin yeni alınma şəraitinin tapılmasına imkan vermişdir və bu tədqiqatlar mono- və disulfamidlərin yeni törəmələrinin sintezinə kömək etmişdir. Alınmış sulfamidlərin N-alkil və dördlü ammonium duzlarının anti-bakterial və metalların korroziyasına qarşı çox yüksək effektə malik olduğunu nəzərə alararaq disulfamidlərin yeni alınma üsulları işlənib hazırlanmışdır. Bu üsullar N-alkilsulfamidlərin N-alkilləşmə və yodla oksidləşmə reaksiyalarına əsaslanmışdır.

Bunlardan başqa S.Ə.Məmmədov ilk dəfə olaraq funksional əvəzolunmuş sulfamidlərin və poliaminsulfamidlərin heterosiklləşmə reaksiyasının yeni üsullarını işləyıb hazırlamış və müxtəlif tərkibli heterosulfamidlər almışdır. Sintez edilmiş N-əvəzolunmuş sulfamidlər və onların heterosiklik törəmələrinin sürtkü yağlarına, sürtkülərə və xüsusi mayelərə aşqar kimi xassələri öyrənilmişdir. Müəyyən edilmişdir ki, bu maddələr bioloji-aktiv maddələr olub həm bakterisid kimi (stafilokok, bağırsaq göbələkləri, penisillium mikroblarına qarşı), həm də antimikrob aşqarlar kimi istifadə oluna bilər.

Professorun elmi fəaliyyətinin digər bir istiqaməti doymamış karbohidrogenlər və polimer birləşmələr əsasında fosfor üzvi maddələrin alınması üsulunun işlənib hazılanmasıdır. Bu yolla alınan bir sıra fosfor üzvi birləşmələrin quruluşu ilə onların sürtkü yağlarına aşqar kimi təsiri arasındakı asılılıq öyrənilmiş və onların yeni yüksək effektli çoxfunksiyalı aşqarlar olduğu müəyyən olunmuşdur.

S.Ə.Məmmədovun elmi fəaliyyətinin bir istiqaməti də aşqarların, sürtkü yağlarının, sürtkülərin və xüsusi mayelərin tətbiqinin elmi əsaslarına aiddir. Bu istiqamətdə aparılan tədqiqatlar əsasında yeni yüksək keyfiyyətli kipləşdirici-yağlayıcı və boru yivləri üçün qoruyucu-yağlayıcı plastik sürtkülər alınmış, ilkin komponentlər çox uçuz və yerli xammal olaraq məlum sənaye sürtkülərdən effektli olduğuna görə tətbiq üçün tövsiyə edilmişdir.

Sabir Məmmədov 200-dən çox elmi əsərin, o cümlədən 32 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Əsərlərinin təxminən 100-dən çoxu xaricdə çap olunmuşdur. 50 elmi əsəri isə nüfuzlu beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunmuşdur.

Professor Sabir Məmmədovun rəhbərliyi ilə 6 fəlsəfə doktoru hazırlanmısdır.

Onun elmi əməyi müxtəlif illərdə dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2016-cı ildə “Tərəqqi” medalı, həmçinin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı, 2017-ci ildə “İlin alimi” diplomu, 2019-cu ildə isə AMEA Rəyasət Heyəti Kimya Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Tanınmış kimyaçı alim və kollektivin sevimlisi Sabir Əhməd oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

akademik Vaqif  Fərzəliyev

PAYLAŞ