Azərbaycan Elm Fondu Aşqarlar Kimyası İnstitutunda monitorinq keçirib

130

Azərbaycan Elm Fondu (AEF) 2011-2018-ci illərdə Fond tərəfindən qrant layihələri çərçivəsində alınaraq elmi-tədqiqat institutlarına istifadəyə verilmiş elmi cihaz, laboratoriya avadanlıq və qurğuların cari vəziyyətini öyrənmək üçün monitorinqə başlayıblar. Bu məqsədlə Fondun ekspertləri 27 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda olublar.

Görüşdə İnstitutun Baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, rəhbərlik etdiyi qurumun cihaz parkının yenilənməsində AEF tərəfindən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə maliyyələşdirilən müxtəlif qrant layihələri çərçivəsində alınan cihaz və avadanlıqların böyük rolu olub: “Həmin müasir cihaz və avadanlıqlarda aparılan elmi tədqiqatlar zamanı əldə edilən fundamental elmi nəticələr dünyanın nüfuzlu jurnallarında dərc olunub, tətbiqi nəticələr isə ölkəmizin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılmasına xidmət edən strateji məhsulların istehsalına tətbiq olunub”.

Sonra mütəxəssislər hər bir laboratoriya üzrə qeydiyatda olan cihaz və laboratoriya avadanlıqlarına baxış keçirib, cari vəziyyəti ilə bağlı qeydlər aparıblar. İnstitutun icraçı direktoru  kimya elmləri doktoru Əfsun Sucayev cihazlar, onların iş prinsipləri, istifadə qaydaları haqqında məlumat verib.

PAYLAŞ