Azərbaycan elm tarixində ilk azərbaycanli qadın böyük kimyaçı-alim

675

Həyatda çox nadir insanlar olur ki, iki fərqli sahədə çalışsın, böyük nailiyyətlər qazansın və ən əsası həmin peşələrin ən yüksək zirvəsinə yüksələ bilsin. Belə insanlardan biri kimi Azərbaycan  SSR  Elmlər Akademiyasının  akademiki, Dövlət  Mükafatı  laureatı,  Azərbaycan  SSR-in  Əməkdar  Elm  və  Texnika  Xadimi,  texnika  elmləri  doktoru,  professor, eyni zamanda Azərbaycanın ilk milli aktrisası İzzət Mirzəağa qızı Orucovanın adını xüsusi qeyd etmək olar. Çünki İzzət xanımın adı həm Azərbaycan kino tarixinə ilk milli kinoaktrisa, həm də Azərbaycan elm tarixinə ilk azərbaycanlı qadın böyük kimyaçı-alim kimi daxil olmuşdur. Onun yetirməsi kimi bu dəfə İzzət xanımın daha çox elmi fəaliyyətinə toxunmaq istəyirəm.

Qeyd edim ki, İzzət xanım 1909-cı ildə Bakıda bağban ailəsində doğulub. Orta məktəbi bitirəndən sonra 1926-cı ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mühəndis-texnologiya fakültəsinə daxil olub.

İzzət xanım XX əsrin 30-cu illərinin əvvəlində İnstitutu qurtarır və elmin mühüm sahələrindən birini – neft kimyasını seçir. O, 1932-ci ildən başlayaraq 1959-cu ilə kimi V.Kuybışev adına AzETİ-də, sonralar Azərbaycan SSR EA NKPİ-də laborantlıqdan tutmuş baş elmi işçi, laboratoriya müdirinə qədər uzun bir yol qət edir.

İ.Orucova neft kimyası sahəsində görkəmli alimlərdən, həmçinin keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun ilk yaradıcılarından biri olmuşdur. İ.Orucovanın fəaliyyəti əsasən aşqarlar kimyasının inkişafına və daha mükəmməl sürtkü materiallarının yaradılmasına yönəlmişdi.

İzzət xanım ilk əvvəl aşqarlar laboratoriyasında işləyir. Laboratoriyada görkəmli alim Əli Musa oğlu Quliyevin rəhbərliyi altında yağ aşqarlarının – mühərriklərin ömrünü uzadan möcüzəli maddələrin qənaətli alınması yolları sahəsində ciddi və gərgin axtarışlar aparılırdı.

İ.M.Orucova “Aviasiya yağlarının istehsalı üçün xammal axtarışı”, “Suraxanının seçilmiş və adi neftlərinin konsentrat qatışıqlarından aviasiya yağlarının alınması”, “Caparidze adına Zavodda distillyatlı aviasiya yağlarının istehsalının mənimsənilməsi”, “Balaxanının yağlı neftindən qalıq aviasiya yağlarının alınması” və sair mövzuları işləyir, 1947-ci ildə namizədlik dissertasiyasını müdafiə edir.

1949-cu ildə öz şəxsi nəticələri və digər alimlərlə əməkdaşlıq əsasında o, mühərrik və xüsusi təyinatlı yağların istehsalat texnologiyasını işləyib hazırlayır. Bakının neft emalı zavodlarından birində ilk dəfə olaraq müxtəlif mənşəli parafinli və parafinsiz neftlər əsasında aşağı özlülüklü sürtkü yağlarının istehsalı qaydaya salınır.

Bakı neftindən alınan yağların tədqiqi, emalı prosesi üçün verdiyi texnologiyalar, həmçinin müxtəlif mənşəli neftdən alınan yağlarda aşqarların tədqiqi, aşqarların fasiləsiz alınma texnologiyalarının işlənməsi və aşqar kompozisiyalarının yaradılması onun elmi fəaliyyətinin əsas istiqamətləri olmuşdur. O, ölkəmizdə yaradılan bir sıra ilk aşqarların və onların əsasında alınan motor yağlarının müəlliflərindəndir.

İ.Orucova başqa alimlər qrupu ilə birlikdə karbamid vasitəsilə neftlərin parafinsizləşdirilməsini, eyni zamanda, bir sıra neftlərin distillyatlarının parafinsizləşdirilməsini  uğurla həyata keçirmişdir. Elə o vaxtdan Bakının sürtkü yağları xarici analoqlarından heç də geri qalmırdı. İ.M.Orucova 1962-ci ildə “Bakı xammalından aşağı temperaturlu yağların alınması texnologiyasının işlənib hazırlanması və aşqarların köməyi ilə onların keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək SSRİ-də neft texnologiyaları sahəsində ilk qadın elmlər doktoru olur. Ona əvvəlcə professor, iki il sonra isə Azərbaycan SSR-in Əməkdar Elm və Texnika Xadimi adı verilir.

XX əsrin 60-cı illərinin ortalarında neft emalı üzrə ETİ Azərbaycan EA-nın tərkibində Neft-Kimya Prosesləri İnstitutuna çevrilir, 1965-ci ildə isə onun bəzi laboratoriyalarının bazasında  SSRİ-də profil üzrə yeganə elmi mərkəz olan Aşqarlar Kimyası İnstitutu yaradılır.

İ.M.Orucovanın iştirakı ilə bir çox yüksəkoktanlı, o cümlədən AzETİ-5, AzETİ-7, SB-3, SK-3 BFK və digər aşqarlar işlənib hazırlanır və istehsalatda tətbiq olunur.

İ.Orucova 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasına müxbir üzv seçilir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi İ.Orucovanın fəaliyyəti əsasən aşqarlar kimyasının inkişafına və daha mükəmməl sürtkü materiallarının yaradılmasına yönəlmişdi. İzzət xanımın apardığı axtarışların nəticələri, o cümlədən БФК, СБ-3, ИХП-101, ИХП-21 aşqarları Sumqayıt Aşqarlar Zavodunda uğurla istehsalata tətbiq edilir. Aşqarlar Kimyası İnstitutu ilə SSRİ-nin Moskva, Leninqrad, Tolyatti, Perm, Tambov şəhərlərindəki aparıcı elmi mərkəzləri arasında elmi-texniki əlaqələrin yaradılmasında onun böyük xidmətləri olmuşdur.  İ.Orucova Azərbaycan EA-nın neft-kimya və neft emalı üzrə şurasının və Azərbaycan Neft Akademiyasının doktorluq elmi dərəcəsi verən ixtisaslaşdırılmış elmi şurasının üzvü idi.

Bu aşqarların istehsalata tətbiqi, o dövrün qiymətləri ilə hesablasaq, iqtisadiyyata on milyonlarla xeyir vermişdir.

İ.Orucova və onun laboratoriyasının əməkdaşları “Azərneftyağ” Neft Emalı Zavodunun buraxdığı bir qrup yağların tərkibini yaxşılaşdırmaq üçün sürtkü kompozisiyaları yaradırlar. Bu işə görə onlar 1970-ci ildə Azərbaycanın Dövlət mükafatına layiq görülürlər. İ.Orucovanın xüsusi texnikada istifadə olunan sintetik yağların oksidləşməyə qarşı davamlılığını artıran aşqar kompozisiyalarının yaradılması sahəsində apardığı tədqiqat işləri öz əksini müəllif şəhadətnamələrində tapmışdır.

Yüksək davamlılığı ilə seçilən pentaeritrit efirlərinin əsasında işlənib hazırlanmış yağ kompozisiyalarının istismar xassələrinin yaxşılaşdırılması sahəsində gördüyü işə görə ona patentlər verilib.

İzzət xanım 1972-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilib. O, uzun müddət laboratoriyalara rəhbərlik etmiş, 1967-1971-ci illərdə isə respublika EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun direktoru işləmişdir. Onun rəhbərliyi dövründə institutda metalların korroziyasına qarşı vasitə kimi istifadə olunan korroziya inhibitorları sahəsində çox ciddi tədqiqat işləri aparılmışdır. Bu işlərin nəticələri rus dilində nəşr olunmuş “Metalların korroziya inhibitorları” monoqrafiyasında ümumiləşdirilmişdir. O, 300-ə yaxın elmi ixtira və çap olunmuş elmi əsərin, eyni zamanda, Azərbaycan dilində orijinal “Neft-kimya” və “Sürtkü yağları” dərsliklərinin, 30-dan çox müəlliflik şəhadətnaməsinin müəllifidir. Izzət xanım bu gün Azərbaycanda və onun sərhədlərindən kənarda məhsuldar işləyən çoxlu kadrların hazırlanması işində yaxından iştirak etmişdir.

İnsani keyfiyyətlərə gəldikdə deyə bilərəm ki, o, əsl insan idi. Neft və Kimya İnstitutundan gələnlər adətən burada əvvəl laborant işləyirdilər. O çox işgüzar idi. Deyirdi ki, hər gün 18 nümunənin 100 dərəcə S-də tərkibini müəyyən edirdim. İndiki laborantlar heç 4-5-ni edə bilmirlər.

İzzət xanımın ayrıca kabineti ancaq direktor işləyəndə olub, Aşqarlar Kimyası İnstitutu yeni binaya  köçəndə də 4 nəfər işçi onunla bir yerdə əyləşirdik. Bizə bir cavan direktor müavini gəlmişdi, onda mentalitetə yaraşan etik hərəkətlər yox di. Zəng edirdi ki, İzzət xanım yanına getməlidir. Bu, bizə pis təsir edirdi. Ona dedim: “İzzət xanım, siz onun ayağına gedirsiz, bu nə deməkdir? Bir dəfə əlinizi stola vurun, ona göstərin ki, siz İzzət xanımsız.  Mənə dedi ki, Həqiqət, bu sadəliyimlə həyatda heç nə  itirməmişəm. O cümlə də mənim beynimə həkk olunub.

İzzət xanım  sinədəftər idi. Respublikanın az qala hər bir zavodunda gedən işləri, hansı sexdə hansı proseslər gedir hamısını əzbər bilirdi.  İzzət xanımın  hər hansı gördüyü elmi iş zavodlarda öz tətbiqini tapıb. Aşqarlar sahəsində uğurlu tədqiqatlar apararaq yüksək elmi nəticələr əldə etmişdi.

Hazırda da bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur. Hətta belə  üsullara görə xeyli alimlər Stalin mükafatı almışdılar.

Mən deyərdim ki, İzzət xanımın bu cür fədakar olmasında oynadığı Sevil obrazının da rolu olub. İ.Orucova kinoda baş rola çəkilmiş ilk azərbaycanlı qadın idi. Onun iştirakı ilə C.Cabbarlının “Sevil” (1929) və “Almaz” (1936) əsərlərinə iki film çəkilmişdir. İzzət xanımın kinoya gəlişi, daha doğrusu, onun böyük dramaturq Cəfər Cabbarlı tərəfindən necə tapılıb kinofabrikə gətirilməsi barədə müxtəlif rəvayətlər mövcuddur. Lakin fikirlər müxtəlif olsa da, nəticə eynidir. Onu kino üçün Cəfər Cabbarlı kəşf etmişdir.

O, Azərbaycan SSR və ADR Dostluq və Mədəniyyət cəmiyyətinin sədri olmuş, Bakı Şəhər Sovetinə deputat, Respublika Qadınlar Şurasına sədr seçilmişdir.

O, 47 illik əmək, elmi və elmi-təşkilati fəaliyyətinə görə “Lenin Ordeni, Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalları ilə təltif olunmuş, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

İzzət Mirzəağa qızı Orucovanın adı “Azərbaycanın şərəf kitabı”na daxil edilmişdir.

Allah rəhmət eləsin!

Həqiqət Cavadova
AMEA Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri,
Texnika elmləri doktoru, professor

PAYLAŞ