Bakı Dövlət Universitetinin tələbələri Aşqarlar Kimyası İnstitutunda təcrübə keçəcəklər

172

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad.Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutu (AKİ) elm və təhsilin inteqrasiyası istiqamətində Bakı Dövlət Universiteti (BDU) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın bir istiqaməti kimi 24 fevral 2023-cü il tarixdən başlayaraq BDU-nun Kimya fakültəsinin IV kurs tələbələri bu elmi-tədqiqat müəssisəsisnin laboratoriyalarında 3 ay müddətinə istehsalat təcrübəsi keçəcəklər.

Tələbələrlə görüşdə institutun Baş direktoru akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi elmi müəssisənin ölkəmizdə olan ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər. Təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, institutun elmi işçiləri tərəfindən elmi tədqiqat işlərinə cəlb olunacaq və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.

Görüşdə iştirak edən BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov fakültənin AKİ ilə əməkdaşlıq səviyyəsinin qənaətbəxş olduğunu, institutun bir çox əməkdaşlarının bakalavr tələbə və magistrantların tədris prosesinə müəllim kimi cəlb olunduğunu vurğulayıb. O, növbəti tədris illərində baza kafedrasının perspektiv fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkilində bir sıra yeniliklərin tətbiq edilməsinin zəruriliyini bildirib.

İ.Məmmədov tələbələrə göstərdikləri qayğı və diqqətə görə Aşqarlar Kimyası İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev, elmi katibi Mehparə Səfərova, Azad Həmkarlar Təşkilatının sədri Elxan İsakov, Təhsil şöbəsinin müdiri Sədaqət Şamxalova iştirak edərək, öz rəy və təkliflərinin bildiriblər.

Görüşdə fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

PAYLAŞ