Britaniya havanın proqnozlaşdırılması üçün superkompüterin alınmasına 1,6 milyard dollar ayırıb

812

Böyük Britaniya hökuməti müxtəlif hava və iqlim dəyişikliklərinin daha dəqiq proqnozlaşdırılması üçün nəzərdə tutulan müasir superkompüterin alınması üçün Milli Meteoroloji Xidmətə 1,2 milyard funt-sterlinq (1,6 milyard dollar) ayırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, bu, xidmətin 170 illik tarixində ən böyük investisiya olacaq. Müqayisə üçün qeyd edək ki, xidmətin hazırkı kompüter sisteminin dəyəri 97 milyon funt-sterlinq təşkil edir.

Hökumət nümayəndələrinin sözlərinə görə, hava proqnozu və iqlim dəyişiklikləri üçün dünyanın ən güclü superkompüteri kimi xarakterizə olunan yeni kompüter sisteminin təqdim edəcəyi məlumatlar fırtına və iqlim dəyişikliklərini daha sürətli və daha dəqiq proqnozlaşdırmağa imkan verəcək, həmçinin daşqınlardan xilas olmaq üçün ən uyğun ərazilərin seçilməsinə kömək edəcək.

Biznes, energetika və sənaye strategiyası məsələləri üzrə departamentin (BEIS) təmsilçisi qeyd edib ki, superkompüter, həmçinin Böyük Britaniyanın enerji sektorunda potensial enerji kəsintisinin qarşısının alınması üçün daha ətraflı məlumatlar təqdim edəcək.

“BEIS” nümayəndəsinin sözlərinə görə, superkompüter növbəti onillik ərzində Böyük Britaniya iqtisadiyyatının həcmini bir neçə milyard funt-sterlinq artıracaq.

Yeni superkompüter Britaniya Milli Meteoroloji Xidmətinin istismar müddəti 2022-ci ildə başa çatan hazırkı kompüter sistemlərini əvəzləyəcək. Xidmət nümayəndələri qeyd edib ki, superkompüter Yer atmosferində küləyin sürəti, temperatur, hava təzyiqi və s. parametrləri rəqəmli şəkildə canlandıracaq.

Bildirilir ki, superkompüterin istismar müddəti 10 il (2022-2032-ci illər) təşkil edəcək. İlkin mərhələdə yeni qurğunun gücü Milli Meteoroloji Xidmətin hazırkı superkompüterinin hesablama gücünü 6 dəfə üstələyəcək. İstismar müddətinin 6-10-cu illərində isə onun gücünün minimum daha 3 dəfə artırılması planlaşdırılır.

Superkompüterin proqnozlaşdırılan dəyəri 854 milyon funt-sterlinq təşkil edir. Digər xərclərə şəbəkəyə qoyulacaq investisiyalar, eləcə də superkompüterin istismarı və proqram təminatının hazırlanması üçün xərclər daxil olacaq.

 

Nizam Nuriyev

PAYLAŞ