“Bu gün də 60 adda kimyəvi məhsul istehsal edirik” -AKADEMİK

175

“Biz şagirdlərin, tələbələrin elmə marağının artırılması istiqamətində də işlər görürük”. Bunu Moderator.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin tabeliyində olan Aşqarlar Kimyası İnstitutunun Baş direktoru, akademik  Vaqif Fərzəliyev bildirib. Kimyaçı alim institutunun ölkə iqtisadiyyatının inkişafına və və müdafiə qüdrətinin artırılmasına töhfələri barəsində danışarkən bir neçə maraqlı məqama da toxunub: “Hələ SSRİ dövründən başlayaraq bu gün də, sürtkü materiallarının yadılması və istehsalının təşkili ilə bağlı fəaliyyət göstəririk. Fəaliyyətimiz bundan sonra da davam edəcək. Bizim hazırladığımız sürtkü yağları bir çox sahədə istifadə edilir. Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar  Parkınının rezidenti olan Təcrübə-Sənaye Zavodunda  bizim 60 adda sürtkü yağı istehsal olunur. Bundan əlavə, Müdafiə Nazirliyi üçün təkliflərimiz olur, lakin   məxfilik prinsipinə əsasən bu təklifləri açıqlaya bilmirəm. İqtisadiyyatın inkişafına bizim bir çox patentlərimiz  tətbiq edilir”.

Akademik açıqlamasında institutun  təhsil müəssisələri ilə daim əlaqədə olduğunu bildirdi. Elə hazırda  ekskursiyadakı şagirdləri qarşılamağa yollanacağını qeyd etdi:

“Bundan əlavə, biz şagirdlərin, tələbələrin elmə marağının artırılması istiqamətində də işlər görürük. Belə ki, ali məktəblərlə  birgə işlər aparırıq. Bakı Dövlət Universitetinin bizdə baza kafedrası var. Bakalavriatlar və magistrantlar gəlib burda mühazirələrə qulaq asır, elmi işlərinin təcrübi hissələrini həyata keçirirlər.

Biz məktəblərdə də görüşlər keçiririk. Müəllimlərimiz məktəblərdə elmi görüşlər təşkil edirlər. Məktəbliləri institutumuza  dəvət edirik. Gəlib, bura ilə tanış olmaları üçün “Açıq qapı” günləri təşkil edirik”.

“Hazırda da 7 nömrəli məktəbin şagirdləri institutumuzda ekskursiyadadırlar. Sizinlə söhbətimizi yekunlaşdırıb, onları qəbul edəcəm”-,deyə, akademik əlavə edib.

 

Moderator.az

 

 

PAYLAŞ