Gənc alim “Elsevier” və “Wiley” nəşriyyatlarının nüfuzlu jurnallarında beynəlxalq rəyçi kimi fəaliyyət göstərir

1171

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, dosent Əfsun Sucayev bir sıra nüfuzlu xarici jurnalların beynəlxalq rəyçisi kimi fəaliyyət göstərir. Belə ki, o, hazırda “Elsevier” nəşriyyatının yüksək impakt faktorlu “Bioorganic chemistry” (Bioüzvi kimya), “Wiley” nəşriyyatının isə “Journal of Heterocyclic Chemistry”(Heterotsiklik Kimya Jurnalı) və “Chemistry & Biodiversity”(Kimya və biomüxtəliflik) nəşrlərində müstəqil beynəlxalq ekspert kimi məqalələrin qiymətləndirilməsi ilə məşğuldur. Onun verdiyi məlumata görə, son bir ildə bu jurnallardan daxil olan 10 məqalənin ekspertizasını həyata keçirib.

Ə.Sucayev qeyd edib ki, koronavirus pandemiyasının bütün dünya ölkələri üzrə alim və mütəxəssislərin əmək fəaliyyətini məhdudlaşdırdığına baxmayaraq, yuxarıda adları qeyd edilən jurnallardan ekspert qimətləndirilməsinə göndərilən məqalələrin sayı artırılıb. Gənc alim hazırda bu 3 jurnalın hər birindən göndərilən ümumilikdə 4-5 məqalənin ekspert dəyərləndirilməsi ilə məşğuldur.

Qeyd edək ki, üzvi kimya, zərif üzvi sintez, heterotsiklik birləşmələr kimyası və biokimya elm sahələri üzrə ixtisaslaşmış bu jurnallar “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elm bazaları tərəfindən indeksləşdirilib.

PAYLAŞ