Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Vətən Müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılan mərasimdə çıxış edən AKİ-nin baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, 27 sentyabr heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Çünki bu gün həm şəhidlərimizi anmaq, həm də qürur günümüzdür. Ona görə ki, məhz bu gündə uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına başladıq və 44 gün müddətində qəhrəman oğullarımızın hesabına bu missiyanı yerinə yetirdik. O vətənpərvər gənclərimiz bu problemi gələcək nəsillərə saxlamadılar”.
Akademik rəhbərlik etdiyi İnstitutun I Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini qeyd etməklə, 44 günlük Vətən Müharibəsində isə İnstitut əməkdaşlarının yaxın ailə üzvlərinin könüllü surətdə döyüşə getdiyini və qazi olduğunu söylədi: “Onlardan ikisi hazırda bu günki tədbirimizdə iştirak edirlər”.
Tədbirdə AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova şəhidlərə həsr olunan videotəqdimatla çıxış etdi.
Sonra tədbirdə iştirak edən Qarabağ qaziləri – Rüfət Salmanov və Məqsəd Məmmədli müharibə təəsüratlarını bölüşdülər, keçdikləri döyüş yolundan, xalqın həmrəyliyi və birliyindən, onlara dövlət və xalqın yüksək diqqət və qayğısından danışdılar.
İnstitutun icraçı direktoru, YAP İdarə Heyətinin üzvü, elmlər doktoru Əfsun Sucayev, AKİ Qadınlar Şurasının sədri professor Həqiqət Cavadova çıxış edərək “27 sentyabr – Anım Günü”nün əhəmiyyətini vurğuladılar və bu əlamətdar təqvim gününün şəhidlərimizin xatirəsinə böyük hörmətin əlaməti olmasını qeyd etdilər.
Sonda qazilərə təşəkkürnamalər və hədiyələr təqdim olundu.